Dünyada Magazin

“Aşk-ı Memnu”da Bülent obrazı ilə populyarlaşan aktyor Batuhan Karacakaya

Çəkilişə gələndə 11 yaşındaydım. Məni çox yaxşı qarşıladılar. Beren Saat, Kıvanç Tatlıtuğ, Selçuk Yöntem, Hazal Kaya mənə sahib çıxdılar. “Aşk-ı Memnu” 10 çəkilsəydi, yenə də izlənərdi. Amma romana bağlı bir serial idi. Hər şey dadında bitdi, bizə qalan gözəl xatirələr oldu.

Azmagazin Qafqazinfo-ya istinadən xəbər verir ki, bu sözləri “Aşk-ı Memnu”da Bülent obrazı ilə populyarlaşan aktyor Batuhan Karacakaya deyib. O, 2008-ci ildən Kanal D-də yayımlanan fenomen serial barədə danışıb.

O, saçının kəsilməsi səhnəsində həqiqətən ağladığını bildirib: “Ssenariyə uyğun olaraq Kıvanç Tatlıtuğun saçlarını kəsdilər, onu ələ saldım. Mənə dedi ki, 2 seriya sonra sənin də başına gələcək. Elə bildim zarafat edir. Ərgən dövrümdə saçım mənim üçün çox dəyərli idi. Məktəbdə populyar bir uşaq idim, ssenarini oxudum, şoka düşdüm. Yalvardım, amma məhəl qoymadılar. Saçım kəsiləndə həqiqətən də göz yaşı tökdüm. İndi də qısa saçda çəkilən seriyalara baxmıram.

Seriallarda ağlama səhnələrinin xilaskarı var ki, bu, xüsusi mazdır. Qulaq çöpü ilə gözaltına sürtürsən və hönkürtü ilə ağlayırsan. Amma Bihterin çiyninə başımı qoyub “sənə ana demək istəyirəm” deyə söyləcəyim səhnə var idi. Ağlamaq üçün əziyyət çəkdim, alınmadı. Maz sürtdülər, bu dəfə gözümün ağrısından ağlamağa başladım.

“Bu komanda çox fərqli idi. Bir ailə idik. İşçilər, aktyorlar arasında xüsusi bağ var idi. Səmimi idik. Kobud və kaprizli olan yox idi. Başqa rol aldığım seriallarda bunu görmədim. Keçən il sahildən maşınla keçirdim. Serialın çəkildiyi villaya getdim. Qarşısında oturdum, aradan 12 il keçib, hələ də villa qarşısında insanlar şəkil çəkdirir. Ərəb turistlər məni tanıdı, tez oradan uzaqlaşdım”,- deyə Batuhan bildirib.

Batuhan ekran işinin finalı barədə sosial mediadan xəbər tutduğunu deyib: “Normalda ssenari həftənin əvvəli bizə göstərilirdi. Tamaşaçı kimi biz də finaldan xəbərsiz idik. Bizə ciddi tapşırıq verilmişdi ki, ağzımızı açmayaq. Sonra çəkilişdən bir foto mətbuata sızdı. Bihterin sinəsində qırmızı qan olan səhnə idi. O şəkil finaldan əvvəl yayıldı. Onda Bihterin ölümündən xəbərimiz oldu”.