Dünyada Magazin

Azərbaycanlı bloger ilanlarla vannaya girdi

Rusiyada blogerlik fəaliyyəti ilə məşğul olan, əslən azərbaycanlı iş adamı Hüseyn Həsənov ağlasığmaz addımı ilə izləyiciləri şoka salıb.

Azmagazin Oxu.Az -a istinadən xəbər verir ki, “ilanın ağına da, qarasına da lənət” deyən Hüseyn lüks evində ilanlarla birgə vannaya girib.

Həsənovun təhlükəli addım atmasına səbəb isə “Dava” ləqəbli erməni bloqeri David Manukyanla aralarında keçirilən müsabiqə olub. Beləcə Hüseynin qorxduğu başına gəlib. Ağzına dəsmal alan azərbaycanlı bloger “şir ürəyi yeyib”, iri və kiçik ölçülü sürünənlərlə vannada bir neçə dəqiqə uzanmaq məcburiyyətində qalıb.

Qorxduğundan rəng verib rəng alan Həsənovun hətta halı da pisləşib. Hələ bu azmış kimi, kiçik ilanlardan biri blogerin köynəyinin qol hissəsi tərəfindən içəri girib. Bu anda isə Hüseyn qışqırmağa başlayıb.

Erməni həmkarının təklifini qəbul edib, oyundan üzüağ, alnıaçıq çıxan H.Həsənov kiçik bir ilanın vannadan yoxa çıxdığını bildirib.

Azərbaycanlı bloger Moskvanın ən bahalı və dəbdəbəli məkanların birində aldığı mənzildə bu hadisəsədən sonra yarızarafat-yarıciddi yaşamayacağını dilə gətirib.

Qeyd edək ki, H.Həsənov Rusiyada anadan olub, amma etnik azərbaycanlıdır. Blogerlik fəaliyyəti ilə məşğul olan Hüseyn hazırda sahib olduqlarına görə elə özünə borcludur. Hüseyn Rusiyada ən populyar blogerlərdən biridir. Onun 13 milyondan çox “Instagram” izləyicisi var. Sosial şəbəkədə böyük auditoriyaya sahib olan Həsənov müxtəlif oyunlar keçirməklə sosial media hesablarını inkişaf etdirir. Hüseyn restoran işi ilə məşğul olur və şəxsi geyim markası var. Bakıya tez-tez baş çəkən H.Həsənov burada da gənclərin diqqət mərkəzində olan məşhurlardan biridir.