Dünyada Magazin

Azərbaycanlı bloger karantin rejimini istəmədən pozub, fanatları ilə görüşdü, tənqid olundu

Rusiyada yaşayıb, orada blogerlik fəaliyyəti ilə məşğul olan əslən azəbaycanlı iş adamı Hüseyn Həsənov hərəkəti ilə izləyicilərini qəzəbləndirib, sevənlərini isə məyus edib.

Azmagazin Oxu.Az -a istinadən xəbər verir ki, koronavirus pandemiyası ilə əlaqədar bütün dünyada olduğu kimi, Rusiyada da dövlət orqanları tərəfindən xüsusi karantin rejimi tətbiq edilməsinə rəğmən, gənclərin sevimlisi və kumiri Hüseyn şəhər marketlərinin birindən alış-veriş etdikdən sonra ayaqüstü fanatları ilə görüşüb.

Dəbdəbəli qırmızı rəngli “Gelandewagen” markalı avtomobilinə doğru addımlayan Həsənova 50 nəfərə yaxın pərəştişkarı yaxınlaşıb, şəkil çəkdirmək üçün hücum ediblər. Azərbaycanlı blogerin köməyinə iki ucaboylu cangüdəni gəlib. Cangüdənlər Hüseyni fanatlarından ayırmaq istəsələr də, cəhdləri boşa çıxıb. Bunu görən Hüseyn Həsənov onlara bu sevgiyə görə minnətdarlığını bildirərək, avtomobilinə əyləşib.

Məşhurun bu addımı sosial şəbəkə izləyiciləri tərəfindən birmənalı qarşılanmayıb. Onlar təhlükə saçan virusun sürətlə yayıldığı bir vaxtda H.Həsənovun maskasız və əlcəksiz küçəyə çıxaraq gəzməsini tənqid ediblər. İzləyicilər Hüseyn Həsənovun bu hərəkətinin yolverilməz olduğunu yazaraq, onun ətrafına yığışan gənclərə pis örnək olduğunu bildiriblər.

Qeyd edək ki, Hüseyn Rusiyada anadan olub, amma azərbaycanlıdır. Blogerlik fəaliyyəti ilə məşğul olan Həsənov hazırda sahib olduqlarına görə elə özünə borcludur. O, Rusiyada ən populyar blogerlərdən biridir.

Onun 13 milyondan çox “Instagram” izləyicisi var. Sosial şəbəkədə böyük auditoriyaya sahib olan Həsənov müxtəlif oyunlar keçirməklə sosial media hesablarını inkişaf etdirir.

Hüseyn restoran biznesi ilə də məşğul olur və şəxsi geyim markası var. Bakıya tez-tez baş çəkən H.Həsənov burada da gənclərin diqqət mərkəzində olan məşhurlardan biridir.