Gözəllik Sağlamlıq Müsahibə

Evdə virus və mikroblar ən çox harada toplanır?

Dünyada koronavirusun kütləvi yayılması kontekstində insanlar küçədəki hərəkətlərini məhdudlaşdırmağa, maskalar taxmağa və mütəmadi olaraq dezinfeksiyaedici maddələrdən istifadə etməyə çalışırlar.

Bu müddətdə insanların gününün çox hissəsini evdə keçirdiyini də xüsusi qeyd etməliyik. Bu vəziyyətdə virusların və mikrobların ən çox toplaşdığı məkanların elə evlərdə olduğunu da unutmamalıyıq.

Bəs evimizdə mikroblar ən çox harada toplanırlar? Onlardan necə qorunmalıyıq?

Azmagazin xəbər verir ki,mövzu ilə bağlı Lent.az -ın suallarını həkim-infeksionist Süleyman Kamilov cavablandırıb. Həkim bildirib ki, viruslar və zərərli bakteriyalar organizmimizə həm tənəffüs yolu ilə, həm də təmasda olan səthlər vasitəsilə daxil olurlar:

“Evin çirkli yerləri tez-tez toxunulan, amma təmizlənməsi unudulan yerlərdir. Ayaqyolu və hamam kimi çirkli nöqtələr barədə danışmayacağıq, çünki bu məkanlar tez-tez təmizlənir. Unutulan yerlərə daha çox diqqət yetirməliyik. Evdə mikrobların ən çox olduğu yerlər: otağın, qapıların, soyuducuların və pəncərələrin tutacaqları, elektrik açarları, krantlar, sabun qabları, kompüter, televizor və kondinsioner pultlarıdır. Çünki bunlara mütəmadi toxunuruq. Məsələn, bakteriyaların ən yüksək sıxlığı vanna otağında quraşdırılmış kranlarda cəmlənib. İnsan sözügedən əşyaya çirkli əllərlə toxunur, sonra əllərini yuyur və suyu bağlayır. Nəticədə bütün mikroblar yenidən geri qayıdır”.

İnfeksionist deyir ki, evimizdə məskunlaşan bu mikroblarla mübarizəni bir necə üsulla aparmaq olar:

“Qapı tutacaqlarını tez-tez silmək lazımdır. Vanna otağındakı sabun qabları, mətbəxdə və evin digər məkanlarında yerləşən kranlar tez-tez təmizlənməlidir. Elektrik açarları evə girərkən əlimizi yumadan ilk toxunduğumuz məkanlardır. Buna görə də onların təmizlənməsinə xüsusi diqqət yetirməliyik. Təmir olunmamış və ya filtrləri təmizlənmədən, işlədilən kondinsionerler sağlamlığınıza təhlükə yarada bilər. Təmizlənməyəndə filtrlərdə toplana bilən mikroblar xəstəliklərin səbəbkarıdır. Buna görə qeyd etmək lazımdır ki, iki həftədən bir kondisioner filtri təmizlənməlidir”.

Sonda qeyd edək ki, mütəxəssislər evdə antiseptik deyil, məişət gigiyenasının adət etdiyi vasitələrindən istifadəni məsləhət görürlər. Həmçinin vaxtaşırı otaqları havalandırmaq tövsiyə olunur. Bu edilmədikdə, viruslar daha da sürətlə çoxalacaq.