Gözəllik Sağlamlıq

Gündə iki dəfə yemək yeyin – HƏKİM MƏSLƏHƏTİ

Sağlam həyat tərzi keçirmək üçün düzgün qidalanmağın nə qədər vacib olduğunu yəqin ki, hər birimiz bilirik.

Xüsusən də isti yay aylarında tərləmə səbəbindən orqanizm çoxlu miqdarda maye və mikroelementlər itirir, əgər onlar bərpa olunmazsa bir sıra problemlər meydana gələ bilər. Bunu da nəzərə almaq lazımdır ki, bu ilin yayı pandemiya dövrünə təsadüf edir.

Bəs görəsən evdə qaldığımız bu günlərdə qida rejimimizə necə diqqət etməliyik ki, həm sağlam həm də formada qala bilək?

Azmagazin xəbər verir ki, Lent.az bu suala aydınlıq gətirmək üçün, həkim-dietoloq Tutu Zeynalovaya müraciət edib.

Mütəxəssis bildirdi ki karantin rejimində sağlam qidalanmaq istəyiriksə gündə üç dəfə yerinə, iki dəfə ilə kifayətlənməyi bilməliyik:

“Nəzərə alsaq ki, bu il yay fəsli karantin rejiminə təsadüf etdi, belə olan halda insan istər-istəməz yuxudan daha gec oyanır. Bu səbəbdən də mən tövsiyə edərdim ki, biz gecikmiş səhər yeməyi yeyiriksə bir öyün daha az qidalanaq. Normalda səhər, günorta və axşam olmaqla gündə üç dəfə yeyirdiksə, karantin rejimində bunu səhər və axşam yeməyi şəklində edək”.

Dietoloq onu da söylədi ki, karantindən sonra həm stresslə, həm də qida rejiminin pozulması ilə bağlı bir çox insanda çəki problemi yarandı. Buda həmin şəxslərdə koronavirusdan ağırlaşma halları və yanaşı xəstəliklərin yaranma ehtimalını artırır. Həm çəkini nəzarətdə saxlamaq həm də sağlam qidalanmaq üçün gecikmiş səhər yeməyini saat 10-da etmək məsləhətdir:

“Səhər yeməyi həm protein və liflərlə həm də faydalı yağlarla zəngin olmalıdır. Boşqabımızda nə qədər çox rəng varsa bir o qədər orqanizm üçün faydalıdır. Protein qaynağı olaraq yumurtadan, süd məhsullarından (kəsmik, şor, süzmə, pendir), yağ olaraq avokado, zeytun arabir təmiz nehrə yağından istifadə oluna bilər. Bu menyuya göyərtiləri də əlavə etmək olar. Biz bunu nə qədər balanslı şəkildə etsək bir o qədər gec acarıq. Səhər yeməyindən sonra, təxmini saat 2-3 arası zəif bir ara yeməyi etmək olar. Bu zaman meyvə, çərəzlərlə çay, yay mövsümü olduğu üçün qarğıdalı, ara-sıra dondurma yeyilə bilər”.

Həkim növbəti dəfə olaraq, axşam yeməyini saat 6-7 arası qəbul etməyi daha sonra isə həmin gün üçün qidalanmanı bitirməyi tövsiyə etdi:

“Axşam yeməyində boşqabımızı üç yerə bölürük. Bir hissəsində tərəvəzlər olur, 3/1-də ət qrupunda yer alan qidalar, digərində isə karbohidratlarımız olur. Axşam yeməyinə şorba ilə başlayıb daha sonra ət və salatlarla davam edə bilərik. Həftədə iki dəfə qırmızı, iki dəfə balıq, üç dəfə isə toyuq ətindən istifadə olunsa daha məqsədə uyğundur. Ət sevməyənlər isə digər protein tərkibli bitkiləri istifadə edə bilər”.

Tutu xanım meyvə seçərkən diqqətli olmağı tövsiyə etdi, burada önəmli məqam qan-şəkəri sürətlə yüksəltməyənlərə üstünlük verməkdir. Eyni zamanda sayına da diqqət yetirmək lazımdır. Günə iki paydan atıq meyvə yemək tövsiyə olunmur:

“Xüsusən yay aylarında qidalanmadan danışırıqsa mütləq şəkildə orqanizmin su tələbatını ödəmək lazımdır. Burada söhbət sadə sudan gedir. Qazlı içkilər və meyvə şirələri bura aid deyil. Belə içkilərdən maksimum dərəcədə uzaq durmaq lazımdır”