Magazin

“Reklamı ölən silikonlu gözəlçələr, Azərbaycanın adını batırmayın”

“Son yaşadıqlarımız çox çətin, ağır, təsirlidir. Neçə gündür ölkənin bu durumundan sui-istifadə edib özünü reklam edənlər isə artıq ürək bulandırdı. Siz Allah bəsdirin, iyrəncliyinizi heç olmasa bu günlərdə ört-basdır edin ki, düşmən bizə baxıb gülməsin”.

Azmagazin Axşam.az -a istinadən xəbər verir ki, bu sözləri aparıcı Vüsalə Əlizadə sosial şəbəkədə yazıb. O, son günlər bir çox məşhurun sosial şəbəkədəki paylaşımını tənqid edib: 

“Hər yerin pisi də, yaxşısı da var, meşə çaqqalsız olmaz. Amma Vətəni qorumaq kimi şərəfli peşə kişilərin işidir. Özünü qoruya bilməyənlər Vətən qorumağa gedir. Yəni bu xalq o qədər aciz qaldı ki, sizə ümüd oldu? Paylaşımı zəifləyib, reklamı ölən silikonlu gözəlçələr, “kalaşnikovun” şəklini belə görməyən gədələr, “hərbi xidmətə yararsız” kağızı almaq üçün min hoqqadan çıxanlar… Hərbi komissarlığın önündə şəkil çəkdirib, özünüzə oxşayan yalançı xəbər səhifələrini işlədən üzdəniraq “bacişkalarınıza” “Qəhrəman” başlıqlarla xəbər yazdırıb, Azərbaycanın adını batırmayın.

Bu millət Vətən uğrunda igid oğullar itirib, onların qanı ilə yoğrulan torpağı cılızlaşdırmayın. “Müharibə olsun” demək, dildə asandı, səngərdə olub güllə səsi eşitsəniz, dizləriniz çat verər. Qeyrətli oğullarımız yetərlidir bu Vətənə. Abrınız-həyanız olsun, şəhid ailələrinə hörmət edin. Analardan, bacılardan, gəlinlərdən, uşaqlardan utanın. Yığışdırın bu rəzilliyi.

Hər kəsə şamil olunmur, savadla oxuyan bilir söhbət kimdən gedir”.