Müsahibə Video

“Ufak Tefek Cinayetler”in rejissoru: Hər kəsin içində bir “Merve” var

“20 dakika”, “Medcezir”, “Cesur ve Güzel” və son olaraq “Ufak Tefek Cinayetler” serialı ilə tanınan türkiyəli rejissor Ali Bilgin paytaxtımızın qonağı olub.

Azmagazin.com Oxu.Az -a verilən müsahibəni təqdim edir:

– Ölkəmizə xoş gəlmisiniz. Sizi ölkəmizdə görməkdən məmnunluq duyuruq.

– Təşəkkür edirəm, mənim üçün də qürurverici bir haldır ki, əziyyətlə ərsəyə gətirdiyimiz işlər ölkədən kənarda izlənilir və dəyərləndirilir.

– “Medcezir”ə görə “Altın Kelebek” almısınız, sizcə, “Ufak Tefek Cinayetler” sizi yenə “Ən yaxşı rejissor” edəcəkmi?

– Peşəkar anlamda mükafat alsaq, təbii ki, sevinərik. Ancaq biz hər hansı proyekti gerçəkləşdirərkən mükafat almağı qarşımıza məqsəd qoymuruq. Onsuz da, yaxşı nəticə vermiş seriallar tamaşaçılar tərəfindən mükafatlandırılır.

Məsələn, azərbaycanlıların serialıma qarşı verdikləri reaksiya mənim üçün ən böyük mükafatdır. Çox gözəl rəylər gəlir. Mükafat almış kimi varıq (gülür).

– Bu günə kimi Kıvanç Tatlıtuğ, Tuba Büyüküstün, Serenay Sarıkaya, Çağatay Ulusoy kimi ulduzlarla işləmisiniz. Ən çox kapriz göstərən hansıdır? Hansı ilə işləmək çətindir? Hansı məşhurla bir daha işləməzsiniz?

– Bizdə kaprizli bir aktyor yoxdur. Sadəcə, çəkilişlərimiz həftələr boyu davam etdiyi üçün ulduz aktyorlardan tutmuş, ikinci dərəcəli aktyorlara qədər hər kəsdə yorğunluq, diqqətinin dağılması kimi hallar baş verir.

Bunlar bəzən çəkilişlərdə gərginliklər yaşadır. Amma bu, ailə içində də baş verən hadisələrdir. Gündə 10 saatdan artıq, həftədə 5-6 gün çalışırıq. Hər nə qədər bir-birimizə yaxşı davransaq da, arada gərginliklər baş verir.

Hamısı çox peşəkardır, hamısı ilə yenidən işləmək istəyərəm. Heç biri ilə işləmək çətin deyil, əksinə, bir-birimizə qatqımız çox olub.

– Türkiyədə serialların vaxtının çox olması aktyor-aktrisaları da narahat edir. Bu, telekanalların, yoxsa prodakşnların tələbidir?

– Heç kim belə uzun bir serial çəkmək istəməz. Bunun səbəbi ölkə xaricinə satılan seriallar və böyük rəqabətdir. Bizim çəkdiyimiz bir seriya üç hissəyə bölünüb satılır. Bütövlükdə tələb olunan vaxt 140 dəqiqədən artıqdır.

Hazırkı vəziyyətdə ssenaristlərin yazmayacaq dərəcədə psixologiyası korlanıb. Normal şərtlərdə 13 seriya olaraq nəzərdə tutulan işlər 39 seriyaya qaldırılır. Heç kim bu işdən məmnun deyil, qazancla çıxan da yoxdur. Çünki uzunmüddətli olduğuna görə hamımıza psixoloji və mənəvi olaraq ziyan vurur.

– Qeyd etdiniz ki, bir seriya üç hissəyə bölünüb xaricə satılır. Seriala baxılması üçün isə onu gərgin yerdə bitirmək lazımdır ki, tamaşaçının diqqətini cəlb etsin. Belə çıxır ki, onlar üçün ayrıca montaj prosesi həyata keçirilir?

– Biz serialın haqlarını satdıqdan sonra qalan işləri həmin insanlara həvalə edirik. Hər zaman üçə bölünən serial gərgin yerdə bitmir. Onlar həftədə üç gün yayımlayırlar. Ona görə həmin işləri özləri həll edir.

– İndiyədək çəkdiyiniz seriallardan çəkiliş prosesi ən çətin olanı hansıdır?

– Əslində, başlanğıcda hamısı çox çətindir. Amma ən çətin çəkilişləri olan “Cesur ve Güzel” idi. İlk seriyadakı atla olan, uçurum kənarından düşmə təhlükəsi yaşayan avtomobil səhnəsi əkşn dolu idi. Həmin səhnələrdə çox çətinlik çəkmişdim.

 

–  “Delibal” filminin də rejissorusunuz. Film çəkmək çətindir, yoxsa serial?

– Film çəkilişi daha stresslidir, serialların isə uzunömürlü olması çətinlik yaradır. Hər ikisinə də eyni hazırlaşırıq. Filmdə bilirsən ki, işin altı həftə sonra bitəcək, bu da motivasiya verir. Ancaq serial insanı daha çox yorur.

– Həyat yoldaşınız Dəfnə Kayalar da aktrisadır, həm də  çəkdiyiniz serialda tanış olmusunuz…

– Mənim üçün onunla evli olmaq avantajdır. Çünki o başqa serialda çəkilir. Onun başqa rejissorla və komanda ilə qurduğu əlaqə mənim də onun psixologiyasına baxıb öz komandamda olan aktyorlarla empati qurmağıma kömək edir.

Bir aktyorun obraza girərkən, çəkilişdə çətinlik çəkdiyi anları dürüstcəsinə öz həyat yoldaşımdan eşidirəm. Bu da aktyorları daha yaxşı anlamağıma şərait yaradır. Ona görə bir-birimizə qatqımız çoxdur.

Bənzər işləri sevirik, müzakirə edirik. Bəzən bu müzakirələr hərarətli olur. İkimiz də dramı çox sevirik.

– Evliliyiniz “Medcezir” serialı yayımlandığı zaman baş tutdu. Kayaların həmin serialda bir anda ikinci dərəcəli obrazdan baş rola yüksəlməsi insanlar tərəfindən düzgün anlaşılmadı. İddia edildi ki, Dəfnə həyat yoldaşınız olduğuna görə ona əlavə imtiyazlar vermisiniz…

– Yaradıcı işlərdə, özəlliklə də “Ay yapım”da elə bir şey ola bilməz. Xüsusilə əgər bu çəkiliş heyəti mənə aiddirsə, belə bir şey mümkün deyil. Serialın prodüseri, ssenaristi var.

Mənim buna müdaxilə etməyim məntiqi baxımdan nə qədər düzgündür? Elə bir gücüm olsa, işsiz, çox əla aktyorluq qabiliyyəti olan tanışlarım var, serialıma onları çəkərəm.

 

Hətta həmin vaxt hər şeyə bir gecədə qərar verildi. Mən soruşdum ki, bu qərarı verməkdə hər şeydən əminsiniz? Ece Yörenç (serialın ssenaristi – red.) dedi ki, Dəfnədə çox əminəm, inanıram ki, əla olacaq.

Dəfnənin performansından həm tamaşaçı, həm də komanda məmnun qaldı deyə, onun serialdakı rolu yüksəldildi.

Arvadım bu günədək işlədiyim ən peşəkar, ən nizamlı aktrisalardan biridir. Başqa çəkiliş komandalarında da onun haqda belə düşünürlər.

Mən özümdən əminəm. O iş təkcə mənə aid deyil. Həmin proyektdən pul qazanan yüzlərlə insan var. Kiməsə imtiyaz vermək və rola çəkmək üçün işimizi təhlükəyə atacaq qədər ucuz iş görmürük. Bu, çalışdığım işə xəyanət etmək olardı.

– Hansı türk serialını “kaş mən çəkəydim” deyirsiniz?

– Hazırkı vəziyyətdə yoxdur. Məncə, çəkdiyim serial hazırda ən yaxşı ekran işidir (gülür).

– Sizin seriallarınız şablon türk serialları kimi deyil. “20 dakika”, “Medcezir”, “Cesur ve Güzel” də bunlara daxil olmaqla, hekayələr tam fərqli bir yöndə irəliləyir. İlk belə iş “20 dakika” olmuşdu. Ancaq reytinq vermədi. Sizcə, bunun səbəbi türk tamaşaçısının öyrəşdiyi şablondan kənara çıxmamaq istəyi idi?

– Bəli, reytinq yığmadıq, amma yeni bir iş görərkən mütləq ki, riskə getmək lazımdır. Şablon pis bir şey deyil. Şablonu necə ərsəyə gətirdiyin önəmlidir. Yüz illərdir eşqə, intiqama aid hekayələr yazılır.

Bizim işlərimiz də bir çox işlərə bənzədilir. Tamaşaçanın nədən həzz aldığını bilərək riskə getdik. Bu işlər üçün bütün komandanın eyni pəncərədən baxıb, eyni şeyi görməyi mütləqdir.

– “Ufak Tefek Cinayetler”in üç seriala: “Big Little Lies”, “Pretty Little Liars” və “Desperate Housewives”a oxşadığı iddia edilir…

– Əslində, bu seriallardan öncə də bir-birinə çox bənzəyən işlər ortaya çıxmışdı. Biz yerli versiya olduq. Bizim obrazlarımız, anlatdığımız hekayə başqadır. Sadəcə, bəhrələnmişik və milliləşdirmişik.

Bizə oğurluq etmişik kimi böhtanlar atırlar. Bunu “Medcezir” yayımlananda da iddia edirdilər. Halbuki biz “Warner Bros.” şirkətindən “The O.C” serialının yayım haqlarını almışdıq.

– Serialın ikinci mövsümü barədə məlumat varmı? Azərbaycan tamaşaçılarına serialla bağlı hər hansı ipucu… 

– Əslində, “Ufak Tefek Cinayet”lərin ikinci mövsümünü planlaşdırmışıq. Ancaq yenə də hər şey may ayının reytinqlərindən asılıdır. Azərbaycanlı tamaşaçılar üçün deyə bilərəm ki, bu mövsüm kimin öləcəyi bəlli olacaq. İkinci mövsümdə isə kimin öldürdüyünü axtaracağıq.

– Serialda bəzən hüquqi səhvlər olur…

– Səhvlər deməyək, cəmiyyət serialda qarşılaşdığı hadisələri həmişə öyrəşdiyi kimi görmək istəyir. Biz də hüquqşünaslardan məsləhətlər alırıq. Ancaq bizim göstərdiyimiz hekayə yüz nəfərdən ikisinin başına gələ bilər. O yüz nəfərin də doxsan səkkizi prosesi bilmədiyi üçün “səhv eləmisiniz” deyir.

– Serialın ssenarisi hər həftə yazılır? Yoxsa əvvəlcədən tam yazılmış ssenaridir?

– Bir mövsümlük tam ssenari heç vaxt yazıla bilməz. Sadəcə olaraq, qarşımızda konkret hansı bölümdə hansı hadisə olacağı deyilir. Mövsümboyu isə çox şey dəyişə bilir. Bəzən aktyorun performansına görə tamaşaçı həmin hekayəni və obrazı sevmir deyə dəyişiklik edilir. Hekayənin çıxılmaz bir vəziyyət alması da bu amillərdəndir.

– Gözləmədəyiniz halda hansısa obraz daha çox sevildimi?

– Bütün obrazlar çox sevilir. Ancaq “Taylan”ın sevilməsinə mat qaldıq. Normalda çox antipatik bir adamdır. “Merve” obrazını oxuyarkən seviləcəyindən əmin idim. Çünki hər kəsin içində bir “Merve” var.

Hansı ki, içində olmaq istədiyi, ancaq ola bilmədiyi insandır. Hər şeyi cəsurcasına və qorxusuz deyə bilir. “Serhan” da çox sevilir. Bu nöqtəyə gələ biləcəyini düşünməmişdim.

– RTÜK-ün (Türkiyənin Radio və Televiziya Şurası – red.) senzuraları ilə bağlı olaraq “Oya” və “Serhan” səhnələri azaldılacaq deyə xəbərlər yayıldı…

– Biz hekayəni yazarkən RTÜK nə deyər deyə düşünmürük. Öncə tamaşaçıdan gələn rəylərə baxırıq. Onlar bizim üçün dəyərlidir. Yalan xəbərlər çıxır. Bizə cəza verilməyib və cərimələnmə qorxusu ilə serial çəkmirik.

Heç bir şəkildə cəmiyyətin milli və mənəvi dəyərlərinə zidd olan hadisələri qabartmaq niyyətimiz yoxdur. RTÜK müdaxilə etməsin deyə, dərdimizi başa salmaq üçün başqa çarələr axtarırıq. Hazırda heç bir sıxıntımız yoxdur.

– İkinci mövsümdə seriala yeni obrazlar daxil olacaq?

– Əslində, biz yeni obraz yaratmırıq. Aktyor hekayəsi ilə birlikdə seriala daxil olur. Həmin obrazı o qədər özününküləşdirir ki, hekayənin gün işığına çıxması da çox gözəl reaksiyalar yaradır. Amma önümüzdəki mövsümdə yeni obrazlar ortaya çıxacaq.

– “Ufak Tefek Cinayet”lərdə hansı rolda başqa məşhuru görmək istəyərdiniz?

– Doğru seçimlər etmək çox önəmlidir. Hazırda bütün aktyorlar yazılan obrazları çox gözəl canlandırırlar. Onları nə türk aktyorlarına, nə də Hollivud ulduzlarına dəyişərəm. Proyektə çox gözəl ruh verdilər.

– Azərbaycanlı aktyor və aktrisalardan kimi tanıyırsınız? 

– Düzünü desəm, çox tanıdığım adam yoxdur. Buraya gələndən sonra bəziləri ilə tanış olmuşam. Bundan sonra izləməyə başlayacam…